12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın əsl demokratiya və hüquq bayramıdır. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”.
1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsas qanun qəbul etməyə vaxt tapmamışdı. 28 may 1918-ci ildə qəbul edilmiş İstiqlal Bəyannaməsi dövlətin əsas siyasi-hüquqi prinsiplərini müəyyən etsə də, parlamentin fəaliyyəti dövründə bir sıra mühüm qanunvericilik aktları qəbul edilsə də, dövlətin ali hüquqi qüvvəyə malik daimi Əsas Qanunu – Konstitusiya qəbul edilməmişdi. AXC-nin əsas strateji hədəflərindən biri ümumi və demokratik seçkilər əsasında Azərbaycan Konstitusiya Məclisini (Məclis-Müəssisanı) çağırmaq və ölkənin daimi Konstitusiyasının məhz həmin Məclis tərəfindən qəbul edilməsini təmin etmək idi. Dövlət quruculuğu prosesində ciddi çətinliklərlə, ağır hərbi-siyasi mübarizə və sərhəd münaqişələri ilə üzləşən gənc respublika 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi nəticəsində bu strateji məqsədini həyata keçirə bilmədi. SSRİ dövründə qəbul edilən sovet konstitusiyaları isə ideoloji çərçivələrə və totalitar rejimin tələblərinə xidmət edirdi. Yalnız müstəqilliyin bərpasından sonra sözün əsl mənasında həqiqi milli, demokratik və müstəqil Əsas Qanunun qəbul edilməsi tarixi zərurətə çevrildi.
1991-1993-cü illərdə dərin böhran fonunda dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ictimai-siyasi sabitliyi bərpa etdi və müstəqil dövlətçiliyin təməlini qoydu.
1995-ci ilin 12 noyabrında keçirilən ümumxalq referendumu xalqın sarsılmaz iradəsinin təzahürü idi ki, həmin referendumda da seçicilərin 90 faizdən çoxu müstəqil Azərbaycanın ilk Konstitusiyasının lehinə səs vermişdi. Dövlətin əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası həmin ilin 27 noyabrından etibarən qüvvəyə minmişdir.
Ulu Öndər Heydər Əliyevin həmin ilin 15 dekabrında imzaladığı Fərmana əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmiş, bu günün ölkəmizdə təntənəli şəkildə qeyd edilməsi isə 1996-ci il 1 noyabr tarixli Fərmana əsasən qərara alınmışdır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 1998-ci ildən etibarən – Əsas Qanunun qəbulundan sonra fəaliyyətə başladı və ölkəmizin hüquq sistemində insan hüquqlarının qorunmasının və qanunların aliliyinin təminatçısına çevrildi.
Dəyişən sosial-siyasi reallıqlar fonunda ölkə Konstitusiyasına 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmiş, xüsusilə 2016-cı il dəyişikliyi ilə idarəetmə sistemində Birinci vitse-prezidentlik institutu yaradılmışdır.
Konstitusiyanın 48-ci və 25-ci maddələrinin birbaşa insan hüquqları və onların təminatlarına həsr olunması, dövlətimizin ali məqsədinin məhz vətəndaş hüquqlarının qorunmasından ibarət olduğunu bir daha sübut edir. Beynəlxalq hüquqi sənədlərə müvafiq olaraq bu normalar ölkəmizdə yaşayan hər bir vətəndaşın hüquq və azadlıqlarını etibarlı şəkildə qoruyur: “Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalardan, həmkarlar ittifaqlarından və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir”.
Prezident İlham Əliyevin də bu xüsusda qeyd etdiyi kimi: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə... söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”. Təməli Ulu Öndər tərəfindən qoyulmuş bu siyasət bu gün də uğurla davam etdirilir, Azərbaycan vətəndaşının rifahı və sosial təminatları mütəmadi olaraq gücləndirilir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə qazanılmış tarixi Zəfər və bundan 3 il sonra, məhz sentyabr ayında həyata keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyinin bütün ərazilərdə tam bərpa edilməsi Ali Qanunumuzun hüquqi qüvvəsinin hər bir qarış torpağımızda bərqərar olmasını təmin etdi. Vətən müharibəsinin 5-ci ildönümü, Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyev 2024-cü ilin 28 dekabrında imzaladığı Fərmana əsasən 2025-ci ili Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik ili elan etmişdir ki, məhz bu qərar da Azərbaycanın hüquqi qüdrətinin və ərazi bütövlüyünün ayrılmaz birliyinin ifadəsi idi.
Azərbaycan Respublikasının Konstitusiyası sadəcə hüquqi sənəd deyil, xalqımızın milli kimliyinin, azadlıq əzminin və dövlətçilik təfəkkürünün ən ali ifadəsidir. Bu gün suveren və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin qətiyyətli siyasətinə əsaslanaraq, Konstitusiyanın aliliyi altında daha parlaq gələcəyə doğru inamla irəliləyir.
Azərbaycan Texnologiya Universiteti
Humanitar elmlər və multikulturalizm kafedrasının
baş müəllimi Zəminə Rəsul qızı Novruzova
Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsi, kommunikasiya bacarıqlarının gücləndirilməsi və beynəlxalq mühitə inteqrasiyasının dəstəklənməsi məqsədilə yeni təşəbbüsə start verilir.
Universitetin Strateji İnkişaf Planının (SİP) icrası çərçivəsində Tələbə-Elmi Cəmiyyətinin (TEC) və Xarici dillər kafedrasının nəzdində “Xarici dil” dərnəyi yaradılıb.
Dərnəyin əsas məqsədi tələbələrin xarici dilləri yalnız nəzəri şəkildə öyrənmələrinə deyil, həm də gündəlik ünsiyyətdə sərbəst istifadə etmələrinə şərait yaratmaqdır. Bu məqsədlə iştirakçıların danışıq, dinləmə və anlama bacarıqlarının inkişaf etdirilməsi, fərqli mədəniyyətlərə marağının artırılması nəzərdə tutulur.
Dərnək çərçivəsində tələbələr üçün müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlər təşkil olunacaq. Proqrama xarici dil təlimləri, müzakirə klubu, xarici dildə filmlərin nümayişi və müxtəlif tematik tədbirlər daxildir. Bu fəaliyyətlər tələbələrə dil biliklərini təkmilləşdirməklə yanaşı, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirmək, yeni dostlar qazanmaq və dünyagörüşlərini genişləndirmək imkanı yaradacaq.
“Xarici dil” dərnəyinin yaradılması ATU-da tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbəyönümlü fəaliyyətlərin genişləndirilməsi və müasir əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində SİP-də müəyyən edilmiş hədəflərin reallaşdırılmasına xidmət edir.
“Xarici dil” dərnəyinə qoşulmaq istəyən tələbələr posterdə yerləşdirilmiş QR kod vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfransı növbəti gün də bölmə iclasları ilə davam edib.
Konfransın ikinci günündə elmi müzakirələr 10 bölmə üzrə təşkil olunub. İştirakçılar müasir elm və texnologiyaların müxtəlif istiqamətlərini əhatə edən tədqiqatlarını təqdim edib, məruzələr ətrafında fikir mübadiləsi aparıblar.
Konfrans Qida mühəndisliyi və texnologiyaları, Rəqəmsal texnologiyalar, Dizayn və sənaye texnologiyaları, Mexanika və nəqliyyat texnologiyaları, Kimya və metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar, Multikultural təhsildə innovativ texnologiyalar bölmələrini əhatə edib.
Bölmə iclasları hibrid formatda keçirilib. Məruzələrdə müvafiq sahələr üzrə aktual elmi problemlər, müasir texnoloji həllər, innovativ yanaşmalar və tətbiqi tədqiqatların nəticələri müzakirə olunub.
Azərbaycan Texnologiya Universitetində (ATU) Bədii Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tələbə-konsert proqramı keçirilib.
Tədbiri rektor Yaşar Ömərov, qazilər, universitetin professor-müəllim heyəti və əməkdaşları, eləcə də tələbələr izləyiblər.
Konsert proqramında müxtəlif ixtisaslarda təhsil alan tələbələr vətənpərvərlik ruhlu mahnılar, Azərbaycan xalq musiqisinin nümunələri, muğam və instrumental əsərlərlə çıxış ediblər. Bədii Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr – Məhəmməd İsak, İsmixan Əhməd, Arif Həmzəyev, Xədicə Qurbanlı, Laçın Hüseyn, Nazim Hüseynov, Cəbrayıl Cəbrayıllı, Zərifə Həsənova, Elcan Atayev, Sadiq Salahlı, Şəhriyar Əliyev, Nicat Süleymanov və nigeriyalı tələbə Avery Kingsleyin vokal çıxışları, eləcə də müxtəlif musiqi alətlərində ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Vətənpərvərlik ruhlu mahnılar, Azərbaycan xalq musiqisinin nümunələri və bəstəkar əsərləri tədbirə bayram ovqatı qatıb.
Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Elm və texnologiyaların müasir trendləri" adlı Respublika Elmi–Praktik Konfransı keçirilib. Tədbirdən əvvəl universitet ərazisində Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlər abidəsi ziyarət edilib.
Konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib. Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edib.
Rektor çıxışında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və strateji inkişaf xəttinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini, bu prosesdə elm, innovasiya və müasir texnologiyaların xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər texnoloji üstünlüyün strateji əhəmiyyətini bir daha nümayiş etdirib. Rektor bildirib ki, bu gün ölkə qarşısında duran əsas hədəflərdən biri də rəqəmsal transformasiyanın sürətləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və yaşıl enerji potensialının genişləndirilməsidir. O, bu istiqamətdə ATU-da həyata keçirilən layihələr, o cümlədən günəş panelləri və külək turbinləri əsasında yaradılan alternativ enerji sistemləri barədə məlumat verib.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Gəncə Cihazqayırma Zavodunun direktoru Ayət Bağırov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, “AzGranata” şirkətinin əməliyyatlar üzrə direktoru Yusif Ləzgiyev çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı və Qida mühəndisliyi və şərabçılıq kafedrasının dosenti Mehman İsmayılovun “Qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində yeni texnologiyalar və innovativ sistemlər, Ətraf mühitin mühafizəsi kafedrasının doktorantı Rəşad İsmayılovun “Ağır metallarla çirklənmənin ekoloji monitorinqində innovativ yanaşmalar” başlıqlı məruzələri dinlənilib.
İki günlük Respublika Elmi–Praktik Konfransı Qida mühəndisliyi və texnologiyaları, Rəqəmsal texnologiyalar, Dizayn və sənaye texnologiyaları, Mexanika və nəqliyyat texnologiyaları, Kimya və metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar və Multikultural təhsildə innovativ texnologiyalar olmaqla 10 bölmədə hibrid qaydada öz işini davam etdirir.
Qeyd edək ki, konfransın məruzələr toplusuna 1 dövlət qurumu, 25 universitet və 14 elmi müəssisədən 611 tezis qəbul edilib.
Azərbaycan Texnologiya Universitetinin (ATU) fəal və könüllü tələbələri 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində ekoloji aksiya təşkil ediblər. Onlar Gəncə şəhərinin tarixi və mədəni simvollarından biri olan Nizami Gəncəvi Məqbərəsi ətrafında növbəti geniştərkibli təmizlik və abadlıq aksiyası keçiriblər.
"Təmiz mühit, yaşıl gələcək" devizi altında birləşən gənclər ərazini məişət tullantılarından təmizləyərək, tarixi məkanın estetik görünüşünün qorunmasına dəstək olublar. Toplanan tullantılar çeşidlənərək müvafiq qaydada ərazidən kənarlaşdırılıb.
Qeyd edək ki, ATU tələbələri ekoloji layihələrdə mütəmadi olaraq fəallıq göstərirlər. Belə ki, könüllülər ötən il də oxşar sosial məsuliyyət tədbiri çərçivəsində Gəncəçay hövzəsinin ekoloji durumunun yaxşılaşdırılması məqsədilə genişmiqyaslı təmizlik işləri həyata keçiriblər.