Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsi, kommunikasiya bacarıqlarının gücləndirilməsi və beynəlxalq mühitə inteqrasiyasının dəstəklənməsi məqsədilə yeni təşəbbüsə start verilir.
Universitetin Strateji İnkişaf Planının (SİP) icrası çərçivəsində Tələbə-Elmi Cəmiyyətinin (TEC) və Xarici dillər kafedrasının nəzdində “Xarici dil” dərnəyi yaradılıb.
Dərnəyin əsas məqsədi tələbələrin xarici dilləri yalnız nəzəri şəkildə öyrənmələrinə deyil, həm də gündəlik ünsiyyətdə sərbəst istifadə etmələrinə şərait yaratmaqdır. Bu məqsədlə iştirakçıların danışıq, dinləmə və anlama bacarıqlarının inkişaf etdirilməsi, fərqli mədəniyyətlərə marağının artırılması nəzərdə tutulur.
Dərnək çərçivəsində tələbələr üçün müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlər təşkil olunacaq. Proqrama xarici dil təlimləri, müzakirə klubu, xarici dildə filmlərin nümayişi və müxtəlif tematik tədbirlər daxildir. Bu fəaliyyətlər tələbələrə dil biliklərini təkmilləşdirməklə yanaşı, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirmək, yeni dostlar qazanmaq və dünyagörüşlərini genişləndirmək imkanı yaradacaq.
“Xarici dil” dərnəyinin yaradılması ATU-da tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbəyönümlü fəaliyyətlərin genişləndirilməsi və müasir əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində SİP-də müəyyən edilmiş hədəflərin reallaşdırılmasına xidmət edir.
“Xarici dil” dərnəyinə qoşulmaq istəyən tələbələr posterdə yerləşdirilmiş QR kod vasitəsilə qeydiyyatdan keçə bilərlər.