Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

"Elm və texnologiyaların müasir trendləri" adlı konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Elm və texnologiyaların müasir trendləri" adlı Respublika Elmi–Praktik Konfransı keçirilib. Tədbirdən əvvəl universitet ərazisində Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlər abidəsi ziyarət edilib.

Konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib. Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edib. 
Rektor çıxışında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və strateji inkişaf xəttinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini, bu prosesdə elm, innovasiya və müasir texnologiyaların xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər texnoloji üstünlüyün strateji əhəmiyyətini bir daha nümayiş etdirib. Rektor bildirib ki, bu gün ölkə qarşısında duran əsas hədəflərdən biri də rəqəmsal transformasiyanın sürətləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və yaşıl enerji potensialının genişləndirilməsidir. O, bu istiqamətdə ATU-da həyata keçirilən layihələr, o cümlədən günəş panelləri və külək turbinləri əsasında yaradılan alternativ enerji sistemləri barədə məlumat verib.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Gəncə Cihazqayırma Zavodunun direktoru Ayət Bağırov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, “AzGranata” şirkətinin əməliyyatlar üzrə direktoru Yusif Ləzgiyev çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Plenar iclasda ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı və Qida mühəndisliyi və şərabçılıq kafedrasının dosenti Mehman İsmayılovun “Qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində yeni texnologiyalar və innovativ sistemlər,  Ətraf mühitin mühafizəsi kafedrasının doktorantı Rəşad İsmayılovun “Ağır metallarla çirklənmənin ekoloji monitorinqində innovativ yanaşmalar” başlıqlı məruzələri dinlənilib.

İki günlük Respublika Elmi–Praktik Konfransı Qida mühəndisliyi və texnologiyaları, Rəqəmsal texnologiyalar, Dizayn və sənaye texnologiyaları, Mexanika və nəqliyyat texnologiyaları, Kimya və metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar və Multikultural təhsildə innovativ texnologiyalar olmaqla 10 bölmədə hibrid qaydada öz işini davam etdirir. 

Qeyd edək ki, konfransın məruzələr toplusuna 1 dövlət qurumu, 25 universitet və 14 elmi müəssisədən 611 tezis qəbul edilib.

 

ATU tələbələri Zəfər Gününə həsr olunmuş növbəti ekoloji aksiya keçiriblər

Azərbaycan Texnologiya Universitetinin (ATU) fəal və könüllü tələbələri 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində ekoloji aksiya təşkil ediblər. Onlar Gəncə şəhərinin tarixi və mədəni simvollarından biri olan Nizami Gəncəvi Məqbərəsi ətrafında növbəti geniştərkibli təmizlik və abadlıq aksiyası keçiriblər. 

"Təmiz mühit, yaşıl gələcək" devizi altında birləşən gənclər ərazini məişət tullantılarından təmizləyərək, tarixi məkanın estetik görünüşünün qorunmasına dəstək olublar. Toplanan tullantılar çeşidlənərək müvafiq qaydada ərazidən kənarlaşdırılıb.

Qeyd edək ki, ATU tələbələri ekoloji layihələrdə mütəmadi olaraq fəallıq göstərirlər. Belə ki, könüllülər ötən il də oxşar sosial məsuliyyət tədbiri çərçivəsində Gəncəçay hövzəsinin ekoloji durumunun yaxşılaşdırılması məqsədilə genişmiqyaslı təmizlik işləri həyata keçiriblər.

 

Azərbaycan Texnologiya Universitetinin əməkdaşına dosent elmi adı verilib

 
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23.10.2026-cı il tarixli qərarı ilə Azərbaycan Texnologiya Universitetinin Dizayn və sənaye texnologiyaları kafedrasının əməkdaşı Hüsnü Kərimova elmi-pedaqoji fəaliyyətinə görə texnika elmləri elm sahəsinin 3326.01 – Toxuculuq və yüngül sənaye materiallarının və məhsullarının texnologiyası ixtisası üzrə dosent elmi adı verilib.
 
Təbrik edirik!


ATU tələbəsi “Qərb Kuboku” yarışının qalibi olub

 Azərbaycan Texnologiya Universitetinin (ATU) Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin dizayn ixtisası üzrə I kurs tələbəsi Elvin İsmayılov kikboksinq üzrə “Qərb Kuboku” yarışında I yerə layiq görülüb.

Gəncə Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yarış Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Müxtəlif çəki dərəcələri üzrə 400-ə yaxın idmançının iştirak etdiyi turnirdə Elvin İsmayılov 91+ kq çəki dərəcəsində rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Tələbəmizi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

 

ATU-da Zəfər Gününə həsr olunmuş idman yarışları şahmat və dama turnirləri ilə davam edib

Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər Gününə həsr olunmuş idman yarışları çərçivəsində tələbələr arasında şahmat və dama turnirləri keçirilib. Yarışlarda qızlar və oğlanlar ayrı-ayrı kateqoriyalar üzrə mübarizə aparıblar.

Dama yarışı üzrə qızlar arasında birinci yeri Qida mühəndisliyi fakültəsinin tələbəsi Aydan Mahmudova, ikinci yeri İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Gülnar Bağırova, üçüncü yeri isə Qida mühəndisliyi fakültəsinin tələbəsi Elnarə Məmmədova tutub.

Oğlanlar arasında Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin tələbəsi Elçin Əhmədov birinci, Qida mühəndisliyi fakültəsinin tələbəsi Tamerlan Şirinov ikinci, Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin tələbəsi Seymur Əsgərov isə üçüncü olub.

Şahmat yarışı üzrə qızlar arasında birinci yeri Qida mühəndisliyi fakültəsinin tələbəsi Aynur İmanlı, ikinci yeri həmin fakültənin tələbəsi Fidan Məmmədova, üçüncü yeri isə Rəqəmsal texnologiyalar fakültəsinin tələbəsi Aysu Dadaşova tutub.

Oğlanlar arasında birinci yerə Qida mühəndisliyi fakültəsinin tələbəsi Tural, ikinci yerə həmin fakültənin tələbəsi Məhəmmədəli Çələbi, üçüncü yerə isə Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin tələbəsi Eşqin İsrafilov layiq görülüb.

Qeyd edək ki, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə yarışlar növbəti mərhələdə voleybol və futzal idman növləri üzrə keçiriləcək.

 

ATU ilə “Carlsberg Azerbaijan” yeni əməkdaşlığa başlayır

“Carlsberg Azerbaijan” şirkətinin nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində (ATU) səfərdə olub. Nümayəndə heyətinə şirkətin baş direktoru Krasimir Lazarov rəhbərlik edib.

Səfər çərçivəsində ATU-nun rektoru Yaşar Ömərov və “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Krasimir Lazarovun iştirakı ilə işgüzar görüş keçirilib. Görüşdə universitetlə şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüş çərçivəsində Azərbaycan Texnologiya Universiteti ilə “Carlsberg Azerbaijan” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd təhsil və istehsalat təcrübəsi, elmi əməkdaşlıq, tələbələrin peşəkar və karyera inkişafının dəstəklənməsi, bilik və təcrübə mübadiləsi, eləcə də birgə tədbirlərin təşkili istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.