Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU tələbəsi “Qərb Kuboku” yarışının qalibi olub

 Azərbaycan Texnologiya Universitetinin (ATU) Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin dizayn ixtisası üzrə I kurs tələbəsi Elvin İsmayılov kikboksinq üzrə “Qərb Kuboku” yarışında I yerə layiq görülüb.

Gəncə Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yarış Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Müxtəlif çəki dərəcələri üzrə 400-ə yaxın idmançının iştirak etdiyi turnirdə Elvin İsmayılov 91+ kq çəki dərəcəsində rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Tələbəmizi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

 

ATU-da Zəfər Gününə həsr olunmuş idman yarışları şahmat və dama turnirləri ilə davam edib

Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər Gününə həsr olunmuş idman yarışları çərçivəsində tələbələr arasında şahmat və dama turnirləri keçirilib. Yarışlarda qızlar və oğlanlar ayrı-ayrı kateqoriyalar üzrə mübarizə aparıblar.

Dama yarışı üzrə qızlar arasında birinci yeri Qida mühəndisliyi fakültəsinin tələbəsi Aydan Mahmudova, ikinci yeri İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Gülnar Bağırova, üçüncü yeri isə Qida mühəndisliyi fakültəsinin tələbəsi Elnarə Məmmədova tutub.

Oğlanlar arasında Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin tələbəsi Elçin Əhmədov birinci, Qida mühəndisliyi fakültəsinin tələbəsi Tamerlan Şirinov ikinci, Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin tələbəsi Seymur Əsgərov isə üçüncü olub.

Şahmat yarışı üzrə qızlar arasında birinci yeri Qida mühəndisliyi fakültəsinin tələbəsi Aynur İmanlı, ikinci yeri həmin fakültənin tələbəsi Fidan Məmmədova, üçüncü yeri isə Rəqəmsal texnologiyalar fakültəsinin tələbəsi Aysu Dadaşova tutub.

Oğlanlar arasında birinci yerə Qida mühəndisliyi fakültəsinin tələbəsi Tural, ikinci yerə həmin fakültənin tələbəsi Məhəmmədəli Çələbi, üçüncü yerə isə Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin tələbəsi Eşqin İsrafilov layiq görülüb.

Qeyd edək ki, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə yarışlar növbəti mərhələdə voleybol və futzal idman növləri üzrə keçiriləcək.

 

ATU ilə “Carlsberg Azerbaijan” yeni əməkdaşlığa başlayır

“Carlsberg Azerbaijan” şirkətinin nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində (ATU) səfərdə olub. Nümayəndə heyətinə şirkətin baş direktoru Krasimir Lazarov rəhbərlik edib.

Səfər çərçivəsində ATU-nun rektoru Yaşar Ömərov və “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Krasimir Lazarovun iştirakı ilə işgüzar görüş keçirilib. Görüşdə universitetlə şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüş çərçivəsində Azərbaycan Texnologiya Universiteti ilə “Carlsberg Azerbaijan” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd təhsil və istehsalat təcrübəsi, elmi əməkdaşlıq, tələbələrin peşəkar və karyera inkişafının dəstəklənməsi, bilik və təcrübə mübadiləsi, eləcə də birgə tədbirlərin təşkili istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.


8 Noyabr – Zəfər Günü: Azərbaycan tarixinin şərəf və qürur salnaməsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə ölçülmür. Bu günlər xalqın yaddaşına, milli düşüncəsinə, dövlətçilik ənənələrinə və gələcəyə baxışına əbədi həkk olunur. 8 Noyabr – Zəfər Günü də məhz belə tarixi günlərdəndir. Bu tarix Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, milli iradənin, siyasi qətiyyətin və hərbi gücün vahid məqsəd ətrafında birləşərək tarixi nəticə əldə etdiyi gün kimi yaddaşımıza yazılıb. Zəfər Günü, ilk növbədə, Azərbaycan xalqının ədalətə və tarixi həqiqətlərə söykənən mübarizəsinin təntənəsidir. Bu qələbə bir gündə qazanılmadı. Onun arxasında uzun illər davam edən mübarizə, itirilmiş torpaqların ağrısı, şəhidlərin qanı, qazilərin fədakarlığı, xalqın sarsılmaz inamı və dövlətin məqsədyönlü siyasəti dayanır. Ona görə də 8 Noyabrı yalnız hərbi qələbənin ildönümü kimi qiymətləndirmək doğru olmazdı. Bu tarix həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və milli özünüdərkinin nümayişidir.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın bir hissəsi işğal olundu, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü. Şəhərlərimiz, kəndlərimiz dağıdıldı, tarixi və dini abidələrimiz vandalizmə məruz qaldı. Azərbaycan xalqı uzun illər ərzində ağır məhrumiyyətlərlə üzləşsə də, torpaqlarının azad olunacağına inamını itirmədi. Bu inam milli yaddaşın bir hissəsinə çevrildi və gələcək qələbənin mənəvi əsasını formalaşdırdı. Həmin dövrdə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri müstəqil dövlətçiliyin qorunması, ölkənin siyasi və iqtisadi sabitliyinin təmin edilməsi, güclü ordu quruculuğunun həyata keçirilməsi idi. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlətin inkişaf strategiyasının müəyyənləşdirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olunması və milli maraqlara əsaslanan xarici siyasətin formalaşdırılması bu istiqamətdə mühüm mərhələ oldu. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaratdı. Ordu quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi, iqtisadi potensialın gücləndirilməsi və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi sonrakı illərdə əldə ediləcək tarixi uğurların əsasını təşkil etdi.

Bu gün əldə etdiyimiz Zəfəri qiymətləndirərkən həmin tarixi mərhələləri, görülən işləri və formalaşdırılan dövlətçilik ənənələrini nəzərə almaq vacibdir. Çünki güclü dövlət, müasir ordu və milli birlik olmadan belə bir qələbəyə nail olmaq mümkün deyildi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları yeni tarixi mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyini, ordumuzun döyüş qabiliyyətini və dövlət rəhbərliyinin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Müharibənin ilk günlərindən etibarən Azərbaycan cəmiyyətində misilsiz birlik və həmrəylik müşahidə olundu. Cəbhədə əsgər və zabitlərimiz döyüşür, arxa cəbhədə isə milyonlarla insan vahid amal ətrafında birləşərək Ordumuza dəstək verirdi. Bu mənzərə bir daha sübut etdi ki, xalqın milli maraqlar naminə birləşməsi dövlətin ən böyük güc mənbələrindən biridir.

Azərbaycan Ordusu müasir hərbi texnologiyaların tətbiqi, peşəkar döyüş taktikası və yüksək mənəvi-psixoloji hazırlığı ilə dünya hərb tarixində diqqət çəkən əməliyyatlara imza atdı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi ilə başlayan hərbi uğurlar Şuşanın azad olunması ilə özünün ən möhtəşəm mərhələsinə çatdı. Şuşa əməliyyatı Vətən müharibəsinin taleyini müəyyənləşdirən mühüm hərbi hadisələrdən biri oldu. Dağlıq relyef, çətin keçidlər və mürəkkəb döyüş şəraiti Azərbaycan əsgərinin iradəsi qarşısında maneəyə çevrilmədi. Şuşanın azad edilməsi yalnız hərbi-strateji baxımdan deyil, həm də milli-mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Çünki Şuşa Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin və milli kimliyinin rəmzlərindən biridir. Məhz buna görə də Şuşanın azad olunması xəbəri xalqımız tərəfindən xüsusi sevinc və qürur hissi ilə qarşılandı. Bu qələbə Azərbaycan xalqının tarixi yaddaşında yeni səhifə açdı.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Vətən müharibəsinin həlledici mərhələsi başa çatdı. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat isə hərbi əməliyyatların dayandırılmasını və müharibənin siyasi nəticələrinin rəsmiləşdirilməsini təmin etdi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə etdi.

44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin yalnız hərbi deyil, həm də siyasi və diplomatik imkanlarının göstəricisi oldu. Müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe, beynəlxalq media qarşısında verdiyi müsahibələr və Azərbaycanın haqlı mövqeyini əsaslandıran siyasi-diplomatik fəaliyyəti xüsusi əhəmiyyət kəsb etdi. Cənab Prezident  rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan güclənmiş, müasir ordu quruculuğunda mühüm nailiyyətlər əldə etmişdi. Bu prosesin məntiqi nəticəsi 2020-ci ildə özünü göstərdi. Müharibə bir daha sübut etdi ki, güclü dövlətçilik, düzgün müəyyənləşdirilmiş strateji hədəflər və milli maraqlara əsaslanan siyasət tarixi nəticələrə gətirib çıxara bilər.

Burada mühüm məqamlardan biri də Azərbaycanın müharibə dövründə informasiya müstəvisində apardığı mübarizə idi. Ermənistanın müxtəlif təbliğat vasitələri ilə yaratmağa çalışdığı yanlış təsəvvürlərə qarşı Azərbaycan öz mövqeyini faktlarla, tarixi sənədlərlə və beynəlxalq hüququn prinsipləri ilə müdafiə etdi. Bu baxımdan, Zəfər yalnız döyüş meydanında deyil, informasiya və diplomatiya müstəvisində də qazanılmış mühüm uğur idi.

8 Noyabrın mahiyyətindən danışarkən bu qələbənin ən böyük qəhrəmanlarını – şəhidlərimizi və qazilərimizi xüsusi ehtiramla yad etməliyik. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Hər bir şəhidin həyatı, hər bir qazinin mübarizəsi Vətənə sədaqətin, torpağa bağlılığın və milli qürurun canlı nümunəsidir. Şəhidlik yalnız bir insanın həyatını Vətən uğrunda fəda etməsi deyil, həm də gələcək nəsillərə ötürülən mənəvi məsuliyyət və müqəddəs dəyərdir. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımızın hər bir qarışı şəhidlərimizin qanı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına əldə olunub.

Dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı da Zəfər siyasətinin mühüm tərkib hissəsidir. Onların sosial müdafiəsinin gücləndirilməsi, tibbi və psixoloji reabilitasiyası, məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər cəmiyyətin bu insanlara olan mənəvi borcunun ifadəsidir. Biz şəhidlərimizin xatirəsini yalnız anım günlərində yad etməklə kifayətlənməməliyik. Onların uğrunda canlarından keçdikləri Vətəni qorumaq, dövlətimizi daha da gücləndirmək, milli birliyimizi qoruyub saxlamaq hər birimizin vətəndaşlıq borcudur.

Zəfər Gününün əhəmiyyəti yalnız işğaldan azad edilmiş ərazilərin hərbi-siyasi statusunun dəyişməsi ilə məhdudlaşmır. Bu qələbədən sonra qarşıda duran əsas vəzifə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıdışının təmin edilməsi və həmin ərazilərin ölkənin iqtisadi, sosial və mədəni həyatına inteqrasiyasıdır. Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yollar, tunellər, hava limanları, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa olunur. İşğal dövründə dağıdılmış şəhər və kəndlərimiz müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Ağalı kəndində həyata keçirilən layihə, Şuşanın tarixi simasının bərpası, Füzuli və Zəngilanda aparılan quruculuq işləri bu prosesin konkret nümunələridir.

Böyük Qayıdış proqramı isə tarixi Zəfərin humanitar və sosial mahiyyətini tamamlayan mühüm dövlət layihəsidir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması, orada təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Bu təhlükənin aradan qaldırılması, ərazilərin təhlükəsizliyinin təmin edilməsi və quruculuq işlərinin sürətləndirilməsi dövlətin qarşısında duran mühüm vəzifələrdəndir.

2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində mühüm mərhələ tamamlandı. Bu hadisə 2020-ci ilin Zəfərinin siyasi və hüquqi nəticələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Zəfər Günü yalnız keçmişə baxmaq, qazanılmış qələbəni xatırlamaq üçün deyil, həm də gələcəyimizi müəyyənləşdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Bu tarix gənc nəslə Vətən sevgisinin, milli məsuliyyətin, dövlətə sədaqətin və birliyin nə qədər böyük gücə malik olduğunu öyrədir. Bu gün yetişən gənclər müstəqil, suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanın vətəndaşlarıdır. Onlar Zəfərin hansı çətinliklər, itkilər və fədakarlıqlar hesabına əldə olunduğunu bilməli, bu tarixi yalnız dərsliklərdən öyrənilən hadisə kimi deyil, milli kimliyimizin ayrılmaz hissəsi kimi qəbul etməlidirlər. Xüsusilə təhsil müəssisələrinin üzərinə bu istiqamətdə böyük məsuliyyət düşür. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tariximizin obyektiv və dolğun şəkildə öyrədilməsi dövlətçilik ənənələrinin davamlılığı baxımından vacibdir. Vətənpərvərlik yalnız sözlə ifadə olunan hiss deyil. O, biliklə, zəhmətlə, peşəkarlıqla, məsuliyyətli vətəndaş mövqeyi ilə və ölkənin inkişafına verilən töhfə ilə təsdiq olunmalıdır.

Azərbaycanın gələcək uğurları həm də gənclərin elmdə, təhsildə, texnologiyada, iqtisadiyyatda və digər sahələrdə əldə edəcəkləri nailiyyətlərdən asılıdır. Torpaqları hərbi güc hesabına azad edən xalqımız onları bilik, əmək və quruculuq hesabına daha da inkişaf etdirməlidir.

Bu günlərdə Zəfərimizi qeyd edərkən bir həqiqəti xüsusi vurğulamaq lazımdır: Azərbaycan xalqı öz tarixinin ən mühüm sınaqlarından birini uğurla keçərək milli iradəsinin gücünü nümayiş etdirdi. Bu qələbə xalqımızın özünəinamını artırdı, dövlətimizin beynəlxalq nüfuzunu möhkəmləndirdi və gələcək inkişafımız üçün yeni imkanlar yaratdı. Zəfər Günü Azərbaycan tarixində yalnız bir müharibənin başa çatdığı tarix deyil. Bu gün milli birliyin, dövlətçilik iradəsinin, siyasi qətiyyətin və Vətən sevgisinin təntənəsidir. Bu tarix bizə göstərdi ki, xalq öz dövlətinə inananda, dövlət öz xalqına arxalananda və ordu milli iradənin daşıyıcısına çevriləndə ən çətin məqsədlərə belə nail olmaq mümkündür.

8 Noyabr həm də gələcək nəsillərə ünvanlanan mühüm bir mesajdır: Vətən yalnız qorunmalı olan torpaq deyil, həm də yaşadılmalı, inkişaf etdirilməli və gələcək nəsillərə daha güclü şəkildə ötürülməli olan müqəddəs dəyərdir. Bu gün Qarabağda dalğalanan Azərbaycan bayrağı xalqımızın keçdiyi ağır və şərəfli yolun, şəhidlərimizin müqəddəs xatirəsinin, əsgər və zabitlərimizin qəhrəmanlığının, dövlətimizin qətiyyətinin rəmzidir. Həmin bayraq altında qurulan yeni həyat isə Zəfərin əbədi olacağına inamımızı daha da gücləndirir.

Zəfərimiz mübarək olsun!

Azərbaycan Texnologiya Universiteti

Social məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor

 Şahmar Umud oğlu Həsənov

 

ATU-da təhsil tələbə kreditləri ilə bağlı infosessiya keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Təhsil Tələbə Krediti Fondunun (TTKF) baş mühasibi Əli Rzayev və Maliyyə şöbəsinin müdiri Məhəmmədəli Abidin iştirakı ilə tələbələr üçün infosessiya təşkil olunub.

Tədbirdə TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, kreditin məbləği və qaytarılması müddəti, nəzərdə tutulan güzəştlər barədə tələbələrə geniş məlumat verilib. Tədbirin sonunda tələbələrin mövzuya dair sualları cavablandırılıb.

ATU ilə MPay MMC arasında görüş keçirilib

 Azərbaycan Texnologiya Universiteti (ATU) ilə rəqəmsal ödəniş həlləri təqdim edən MPay MMC şirkəti arasında işgüzar görüş keçirilib. 

Görüşdə ATU-nun universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev, Tədrisin təşkili və idarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov, Karyera sektorunun müdiri Ayxan Bahadurlu, MPay MMC-dən isə İnsan resursları və hüquq departamentinin direktoru Günel Qaçayeva, Gəncə regional şöbəsinin müdiri Samir Məmmədov və şirkətin əməkdaşları iştirak edərək ATU ilə MPay arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş çərçivəsində tələbələr üçün infosessiya keçirilib.