Azərbaycan Texnologiya Universitetində (ATU) universitetin balansında olan inventarların uçotu və idarə olunmasını vahid platforma üzərindən həyata keçirməyə imkan verən “Aktivlərin İdarə Edilməsi Sistemi” hazırlanıb.

Rəqəmsal platforma inventarların qeydiyyatı, əməkdaşlara təhkim olunması, yerdəyişməsi, təhvil-təslimi və sayımının elektron qaydada aparılmasını təmin edir.

Sistem çərçivəsində universitetin inventarlarına xüsusi QR kodlar yerləşdirilib. Kodun skan edilməsi ilə inzibati heyət və platformaya giriş icazəsi olan əməkdaşlar müvafiq inventar haqqında məlumat əldə edə bilirlər. Buraya inventarın kimə təhkim olunduğu, hansı otaqda yerləşdiyi, marka və modeli, eləcə də digər texniki və qeydiyyat məlumatları daxildir.

Platforma inventarların hərəkətinin izlənilməsinə, məsul şəxslərin və yerləşmə ünvanlarının müəyyənləşdirilməsinə, təhvil-təslim əməliyyatlarının və inventar sayımının sistem üzərindən aparılmasına imkan yaradır. 

ATU-da rəqəmsal texnologiyaların inzibati idarəetmə proseslərinə tətbiqinin genişləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.