Azərbaycan Texnologiya Universitetində (ATU) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən danışıb. O vurğulayıb ki, müstəqillik yalnız siyasi azadlıq deyil, həm də milli kimliyin, tarixi yaddaşın qorunması və gələcək nəsillər qarşısında məsuliyyət deməkdir.

Daha sonra Turizm fakültəsinin dekanı professor Yusif Hümbətov və Humanitar elmlər və multikulturalizm kafedrasının əməkdaşları çıxış edib. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi proseslər, milli dövlətçilik ənənələrinin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə “Müstəqilliyə gedən yol: tarixin qızıl səhifəsi” və “Müstəqillik yalnız siyasi azadlıq deyil, milli şüur, tarixi yaddaş və gələcək məsuliyyətdir” başlıqlı məruzələr dinlənilib.

Tədbirin sonunda Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.